Reklam verin!

www.ilqarfehmi.azeriblog.com

Yazar İlqar Fəhminin web səhifəsi


İlqar Fəhmi

ilqarfehmi
İlqar Fəhmi (İlqar Əli-Abbas oğlu Paşayev) - yazar, şair, publisist, tərcüməçi və ssenarist.
1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir. 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil alıb.
1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən?!”, “Aktrisa” və "Bakı tarixindən kollaj" kitabları çap edilib. 2002-ci ildə “Axırıncı Qatar” (İtlər) pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. Dünya ədəbiyyatından tərcümələr edib.
2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb.
Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib.
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.

Əlaqə

  • E-poçt: fahmi75@rambler.ru

Bölmələr

Axtar

Sayğac

  • İndi saytda 36 nəfər var
  • Bugün saytda 60 nəfər olub
  • Dünən saytda 19 nəfər olub
  • Keçən ay saytda 953 nəfər olub
  • Ümumi saytda 9734 nəfər olub

Müxtəlif

İlqar Fəhmi «Qoç döyüşü» adlı filmin ssenarisini yazıb

 «Bakıfilm»in baş redaktoru Mailə Muradxanlının verdiyi məlumata görə, yaxın günlərdə qurumun yaradıcı heyəti növbəti serialın çəkilişlərinə başlamağa hazırlaşır. «Qoç döyüşü» adlanacaq serialın ssenarisi İlqar Fəhmiyə məxsusdur. Yaşar Əhmədovun ekranlaşdıracağı 24 hissədən ibarət serialda müasir dövrün problemləri, ədalət uğrunda mübarizə və digər məqamlar öz əksini tapacaq.

Lit.Az




Xəbərlər
ilqarfehmi
Sentyabr 24, 2007 15:17
Baxış sayı: 116

Şərhlər(0)

Qalıb

Eşqdən ki ürəyimdə bu qədər yarə qalıb
Kimsə dərman edə bilməz, ümidim yarə qalıb

Həm vüsal istəyirəm, həm də ki hicran qəmini
İki xülya arasında könül avarə qalıb

Səni görcək özünü öylə itirmiş könlüm
Neçə vaxtdır ki özün axtara-axtarə qalıb

Çəkcəyin qəm bıçağın üstümə hicran, gördüm
Ürəyim yoxdu, yerində neçə yüz parə qalıb

Qalmadı kimsəyə borcum bu cahanda, ey dil
Bircə can borcu qalıb ki o da dildarə qalıb

Paylananda hamıya bəxt, mənim bəxtimdən
Çatdı növbəm, dedilər- ağ qutarıb, qarə qalıb

Fəhminin fikrü-xəyalı yenə göylərdə gəzir
Ev-eşik dərdini çəkmək isə İlqarə qalıb




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:31
Baxış sayı: 98

Şərhlər(0)

Köynəyində

Gözlərim yaşın gecəykən eyləyib cəm köynəyində,
Qarşılar hər gün çəmənlik sübhü şəbnəm köynəyində

Bir bilən yoxdur kimə yas saxlayır qarə bulud ki,
Ağlayıb dövr eləyir göylərdə matəm köynəyində.

Ruhumuzdan dərdi-qəmlər bircə an ki ayrı düşmür,
Sanki gəlmişdir cahanə ruhumuz qəm köynəyində.

Sevgili yarın vurursa sinənə bir böylə yarə,
Yəqin istər lalələr bitsin dəmadəm köynəyində.

Həsrətindən ol qədər ki gözlərimdən sel gedibdir,
Neçə dərya gizlənibdir Fəhminin nəm köynəyində.




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:29
Baxış sayı: 117

Şərhlər(0)

İmiş

Əzəldən ruhumuz dərdi-bəlaya aşina imiş,
Səni sevməkdə də məqsəd ona dərdi-bəla imiş.

Qələm bildi bu eşqin sirrini, bildirməyəydim kaş,
Yazıb faş etdi sirrim aləmə, qəlbi qara imiş.

Qəfildən ətrini duydum, elə bildim ki, sən gəldin,
Çönüb gördüm ki, sən yoxsan, gələn badi-səba imiş.

Mənə ol rəhmsiz dilbər ki, rast gəlmiş, bu yə’qin ki,
Mənümçün Allahın göndərdiyi müdhiş cəza imiş.

Öpən hər gün üzündən, saçlarından mən deyildim heyf,
Günəşdən ayrılıb düşmüş həyasız bir şüa imiş.

Damadəm göy guruldarsa elə zənn etmə şimşəkdi,
Mənim fəryadıma göydən gələn əksi-səda imiş.

Bütün ömrüm boyu, Fəhmi, mən eşqin yolların gəzdim,
Və yalnız indi dərk etdim ki, eşq sirri-xuda imiş.




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:27
Baxış sayı: 116

Şərhlər(0)

Getdi

Dildən çıxan hər söz yara yalvarmağa getdi
Biganəliyin zülmətini yarmağa getdi

Qorxdum ki verər naləm əziyyət sənə çatsa
Fəryadım onu tez geri qaytarmağa getdi

Dün söylədilər Məcnunu səhradə vurub gün
Kölgəm bu əzabdan onu qurtarmağa getdi

Yandırdı məni eşq odu, cümlə yoxu-varım
Ağ tüstü olub sərvqədin sarmağa getdi

Sən Fəhmini cansız görər olsan, demə öldü
Getdi ora, öz yarını axtarmağa getdi




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:24
Baxış sayı: 122

Şərhlər(0)

Gəldi Sənə

Şe'ri yazdım ki biləm sənli sözüm gəldi sənə
Bəlkə mənsizliyə bir azca dözüm gəldi sənə

Sənə baxdım o qədər ki məni gözsüz buraxıb
Gizlənib qəmli baxışlarda gözüm gəldi sənə

Mən alışdım bu soyuqda isidim azca səni
Yüyürüncə alovum söndü, közüm gəldi sənə

Bədənim öylə zəif ki ayağımdan yapışıb
Düşmədi bir daha torpağa, izim gəldi sənə

Sən ki məndən su umurdun bir ovuc, əfv eylə
Yox bu səhradə su, ovcumda üzüm gəldi sənə

O qədər ki sənin ardınca süründü Fəhmi
Parçalanmış ayağım, qanlı dizim gəldi sənə




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:22
Baxış sayı: 118

Şərhlər(0)

Qəzəl

Gör bir necə qalxır göyə Məcnunun harayı,
Yüz il görünür çün ona hicrində hər ayı.

O qədri atıbsan sinəmə kirpik oxundan,
Yox yarələrin göydəki ulduz təki sayı.

Bir böylə ki, sənsiz bu gözüm yaş axıdıbdır,
Dərya bilib anı, yığılıb xeyli qağayı.

Can nəqdini ver eşq bazarında vüsalçün,
Harda görünüb ki, yetəsən vəslə havayı.

Vəsf etmək ilə gül üzünü axırı Fəhmi,
Bir şair olar, sonra çıxmasa zayı.




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:17
Baxış sayı: 143

Şərhlər(0)

yandım

Zülmət içrə görünən şö’ləyə döndüm-yandım
Can verən, məhv olan ulduz kimi söndüm-yandım.

Yandırır bircə baxışla, dedilər ol dilbər
Gözünə bircə dəfə mən də göründüm- yandım.

Çünki qanundu bu, sürtünmədən atəş yaranar
Mən də şamü-səhər ardınca süründüm-yandım.

Qəlbimi eşq odudur hifz eliyən dünyada
Ondan ötrü alova böylə büründüm-yandım.

Fəhmiyə tale bütöv yanmağı da çox gördü
Şüşə tək min bir əziyyətlə bölündüm-yandım.




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:15
Baxış sayı: 136

Şərhlər(0)

Eylər saat

Eşqə düşmüş, həm inildər, həm fəğan eylər saat
Çün fəğan etməklə əhvalın ə’yan eylər saat

Hər qədər ki sənsizəm gün uzadır hər anı
Sənlə olsam bir günü neyçün bəs an eylər saat

Ömrümüzdən anları kəsdikcə toplar bir yerə
Xatirə adlı işıqlı bir cahan eylər saat

Bilmirəm Fərhad olub çapmaqla ömrüm dağını
Hansı Şirinə qəmi-eşqin bəyan eylər saat

Bir belə qüdrət ki var hökmündə-hardandır ona
Bətndə yoxsa fələk çərxin nihan eylər saat

Söyləyin canında heç bir zərrə yoxmu qorxusu
Cismini əqrəblər üçün aşiyan eylər saat

Fəhmi, vaxt adlı ədalətli şahın mə’murudur
Hər yana öz şahının hökmün rəvan eylər saat




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:11
Baxış sayı: 110

Şərhlər(0)

Dodağından

Qoymur ürəyim ki, çəkilə göz dodağından
Bəlkə çıxa bir kəlmə şirin söz dodağından

Mey içdiyin o boş qədəhi saqidən aldım
Bəlkə o qədəhdə qala bir iz dodağından

Kaş ki, çıxa məndən, küləyə çevrilə ruhum
Axşam yanağından öpə, gündüz dodağından

Süzgün baxışında “sevirəm”sözünü gördüm
Amma ürək istər eşidə öz dodağından

Fəhmi, nə qədər solmayıb ol nazlı pərinin
Cəhd eylə təbəssüm çiçəyin üz dodağından




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:07
Baxış sayı: 153

Şərhlər(0)


« Əvvəlki səhifə   Yazılar cəmi: 39    Sonrakı səhifə »
Dəstək: AzeriBlog.com, Bütün hüquqlar qorunur, © 2007.