Reklam verin!

www.ilqarfehmi.azeriblog.com

Yazar İlqar Fəhminin web səhifəsi


İlqar Fəhmi

ilqarfehmi
İlqar Fəhmi (İlqar Əli-Abbas oğlu Paşayev) - yazar, şair, publisist, tərcüməçi və ssenarist.
1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir. 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil alıb.
1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən?!”, “Aktrisa” və "Bakı tarixindən kollaj" kitabları çap edilib. 2002-ci ildə “Axırıncı Qatar” (İtlər) pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. Dünya ədəbiyyatından tərcümələr edib.
2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb.
Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib.
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.

Əlaqə

  • E-poçt: fahmi75@rambler.ru

Bölmələr

Axtar

Sayğac

  • İndi saytda 10 nəfər var
  • Bugün saytda 12 nəfər olub
  • Dünən saytda 19 nəfər olub
  • Keçən ay saytda 953 nəfər olub
  • Ümumi saytda 9686 nəfər olub

Müxtəlif

Еtüdlər

Ədəbiyyаt       

Qızğın mübаhisələr.     
Dolu külqаbı.      
Boş аrаq şüşələri.

Şаir yolu

Аylı gеcə.
Yuхusuz gözlər.
Şеr.

Еşq
 
Sаp-sаrı günəş.
Dаr аgаcı.
Ənəlhəqq.

Аyrılıq  
   
Tikаnlı sözlər.       
Üzümə çırpılаn qаpı.   
İçəridə hönkürtü səsi.

Tаlе

Biхəbər bаlıqlаr.
Bаlıqçı qаyığı.
Əzrаyılın toru.

Kеyf

Qədəh.
Sükаn.
Tаbut.

Sirk                  

Ölümlə həyаt аrаsındа хətt.   
Kəndirbаz.    
Uşаq sеvinci.  

Əlil                  

Mühаribə.       
Хəstəхаnа çаrpаyısı.     
Sonsuz söyüşlər.

        
Məhkəmə

Prokurorun uzun çıхışı.
Ümidi kəsilmiş müttəhim.
Tеz-tеz sааtınа bахаn hаkim.

Nаhаr sonu    

Yorğun fəhlələr.       
Soğаn qаbığıylа dolu konsеrv qаbı. 
Şit zаrаfаtlаr.
   
Аdsız    

Budаqdа sərçə bаlаsı.      
İlk uçuş cəhdi.       
Pişik sеvinci.    

Аdsız

Gеcə yаğıb.
Səhər əriyən qаr. 
Uşаqlаrın puç olаn ümidləri.




Nəzm
ilqarfehmi
Mart 1, 2008 21:30
Baxış sayı: 77

Şərhlər(0)

Mənə bir qədəh ömür ver...

Mənə bir qədəh ömür ver
Səsimi boğub sinəmdə yaşayım sükut içində
Payıma düşən bu dərdi daşıyım sükut içində.

Mənə bir qədəh külək ver,
Qapına gələn bu yollar məni salsa gər ayaqdan
Çəkib ahımı səmaya sənə göstərə uzaqdan.

Mənə bir qədəh ümid ver
Ki ürəkdə gizli-gizli doğulan hər arzu istək,
Yuvadan yıxılmasın qoy gözü bağlı körpə quş tək.

Mənə bir qədəh gönəş ver
Bu qaranlığın içində səni əllərim tapanda
Mənə zillənən baxışlar unudulmasın bir anda.

Mənə bir qədəh inam ver
Göyə çırpılan ağaclar əl açıb dua edəndə
Əlimi açıb səmaya qoşulum duaya mən də.

Mənə bir qədəh ölüm ver,
Azacıq ümid edim ki, məni boğsa xəstə ruzgar
Bu zəhərlənən həyatdan hələ son çıxış yolum var,
Hələ son çıxış yolum var.




Nəzm
ilqarfehmi
Mart 1, 2008 21:13
Baxış sayı: 67

Şərhlər(0)

Gedənlərim qayıtmadı

Gedən gəlib, fəqət mənim gedənlərim qayıtmadı
Dumanda batdı yelkənim, gedənlərim qayıtmadı.

Nəfəs də çəkmədən durub min ildi gözlərəm, fəqət
Rahat yatan bu yolları ayaq səsi ayıltmadı,
Gedənlərim qayıtmadı.

Ümid dolu üfüqlərə nə vaxtdı zilənən gözüm
Yanağıma sığal çəkən sevinc yaşın axıtmadı,
Gedənlərim qayıtmadı.

İçimdə ta zaman-zaman dolaşsa da xəfif külək
Ürəyimə dolan qara fikirləri dağıtmadı,
Gedənlərim qayıtmadı.

Bu kimsəsizliyim görüb, ölüm yetişdi dadıma,
Dilimdə söndü son sözüm,- Gedənlərim qayıtmadı,
Gedənlərim qayıtmadı.




Nəzm
ilqarfehmi
Mart 1, 2008 21:10
Baxış sayı: 55

Şərhlər(0)

Geydirmədir (Müxəmməs)

Gəzmə saflıq, bu cahan içrə, cahan geydirmədir,
Ay, günəş əldə qayırma, asiman geydirmədir
Aləmə hakim yalan, dövri-zaman geydirmədir
Laməkandan başqa hər yerdə qalan geydirmədir
Büsbütün geydirmədir, vallah, yaman geydirmədir

Mən yağış umdum buluddan, yağmadı heç bir kərə
Sədd qurdumsa dumandan, çatladı birdən-birə
Dağa söykəndim, ovuldu, zərb ilə dəydim yerə
Anladım ki dağ düzəltmə, həm duman geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir

Çox dolandım, batini saf görmədim mən heç nəyi
boz bataqlıq gizlədir, gülzarın əlvan örpəyi
Güllərin ətri riya, rəngi küdurət mənbəyi
Bülbülün həm etdiyi ahu fəğan geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir

Mülki-dünyayə gəlib, ey dil, gətirdin həm məni
Böylə zülmət xanəni etdinsə ruhun məskəni
Sanma hifz eylər bu ev leysan yağışlardan səni
Dər divar möhkəmsə də, heyfa, tavan geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir

Hər ədalətdən deyən-batində mənfur, qaniçən
Hər səxavət əhli –gizlində fəqir malın yeyən
Ey “Ədalət həm səxavət var cahanda”söyləyən
Varsa bir kəsdə bulardan bir nişan, geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir

Sübh açıldıqda ibadətçün oyansın birtəhər
Gəzmə bihudə yerə, yoxdur müəzzindən əsər
Boş minarə səsləyir xəlqi namaza hər səhər
Ağla ey mömin ki, məsciddə azan geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir

Qalmayıbdır çünki heç bir köhnə aşiqdan nişan
İndi Fəhmi oldu eşqin karvanında sarivan
Daima yol getsə də dəştü-bəlada durmadan
Bir yerə çıxmaz bir karvan, sarivan geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir


Nəzm
ilqarfehmi
Oktyabr 8, 2007 21:13
Baxış sayı: 84
geydirmədir 
Şərhlər(0)

Gecə kəpənəyi

Zahirdə-təbəssüm satan asudə dodaqlar
Batində-ölən arzuların gizli məzarı
Zahirdə-soyuq, şəbnəmi buz lalə yanaqlar
Batində-axan göz yaşının isti buxarı

Gözdə oxunan niyyəti çılpaq, sözü çılpaq
Ruhunda-hər an zorladığı ismətin ahı
Bir incə mələk, taleyi çılpaq, özü çılpaq
Şəhvətdə batıb, anbaan artmaqda günahı

Gündüz dolanar boynuna ağ körpə biləklər
Axşam qara əllər gəzər halsız bədənində
Gündüz bala eşqiylə sönük ruhu çiçəklər
Axşamsa tikanlar bitər əlvan çəmənində

Zalım fələyin qanlı dəmir məngənəsində
Hər gün sıxılırdı, əzilirdi, kiçilirdi
Qansızların işrətli səfa təntənəsində
Əllərdə gəzir, dadlı şərab tək içilirdi

İncitmə onu, göz yaşı görsən yanağında
Bəlkə də bu su ruhunu bir azca təmizlər
Məlum deyil əsla ki hələ həqq qabağında
Kimdir üzü qarə o çitçək, yoxsa ki , bizlər


Nəzm
ilqarfehmi
Oktyabr 8, 2007 21:07
Baxış sayı: 85
ilqar fəhmi 
Şərhlər(0)

Qalıb

Eşqdən ki ürəyimdə bu qədər yarə qalıb
Kimsə dərman edə bilməz, ümidim yarə qalıb

Həm vüsal istəyirəm, həm də ki hicran qəmini
İki xülya arasında könül avarə qalıb

Səni görcək özünü öylə itirmiş könlüm
Neçə vaxtdır ki özün axtara-axtarə qalıb

Çəkcəyin qəm bıçağın üstümə hicran, gördüm
Ürəyim yoxdu, yerində neçə yüz parə qalıb

Qalmadı kimsəyə borcum bu cahanda, ey dil
Bircə can borcu qalıb ki o da dildarə qalıb

Paylananda hamıya bəxt, mənim bəxtimdən
Çatdı növbəm, dedilər- ağ qutarıb, qarə qalıb

Fəhminin fikrü-xəyalı yenə göylərdə gəzir
Ev-eşik dərdini çəkmək isə İlqarə qalıb




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:31
Baxış sayı: 97

Şərhlər(0)

Köynəyində

Gözlərim yaşın gecəykən eyləyib cəm köynəyində,
Qarşılar hər gün çəmənlik sübhü şəbnəm köynəyində

Bir bilən yoxdur kimə yas saxlayır qarə bulud ki,
Ağlayıb dövr eləyir göylərdə matəm köynəyində.

Ruhumuzdan dərdi-qəmlər bircə an ki ayrı düşmür,
Sanki gəlmişdir cahanə ruhumuz qəm köynəyində.

Sevgili yarın vurursa sinənə bir böylə yarə,
Yəqin istər lalələr bitsin dəmadəm köynəyində.

Həsrətindən ol qədər ki gözlərimdən sel gedibdir,
Neçə dərya gizlənibdir Fəhminin nəm köynəyində.




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:29
Baxış sayı: 116

Şərhlər(0)

İmiş

Əzəldən ruhumuz dərdi-bəlaya aşina imiş,
Səni sevməkdə də məqsəd ona dərdi-bəla imiş.

Qələm bildi bu eşqin sirrini, bildirməyəydim kaş,
Yazıb faş etdi sirrim aləmə, qəlbi qara imiş.

Qəfildən ətrini duydum, elə bildim ki, sən gəldin,
Çönüb gördüm ki, sən yoxsan, gələn badi-səba imiş.

Mənə ol rəhmsiz dilbər ki, rast gəlmiş, bu yə’qin ki,
Mənümçün Allahın göndərdiyi müdhiş cəza imiş.

Öpən hər gün üzündən, saçlarından mən deyildim heyf,
Günəşdən ayrılıb düşmüş həyasız bir şüa imiş.

Damadəm göy guruldarsa elə zənn etmə şimşəkdi,
Mənim fəryadıma göydən gələn əksi-səda imiş.

Bütün ömrüm boyu, Fəhmi, mən eşqin yolların gəzdim,
Və yalnız indi dərk etdim ki, eşq sirri-xuda imiş.




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:27
Baxış sayı: 115

Şərhlər(0)

Getdi

Dildən çıxan hər söz yara yalvarmağa getdi
Biganəliyin zülmətini yarmağa getdi

Qorxdum ki verər naləm əziyyət sənə çatsa
Fəryadım onu tez geri qaytarmağa getdi

Dün söylədilər Məcnunu səhradə vurub gün
Kölgəm bu əzabdan onu qurtarmağa getdi

Yandırdı məni eşq odu, cümlə yoxu-varım
Ağ tüstü olub sərvqədin sarmağa getdi

Sən Fəhmini cansız görər olsan, demə öldü
Getdi ora, öz yarını axtarmağa getdi




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:24
Baxış sayı: 122

Şərhlər(0)

Gəldi Sənə

Şe'ri yazdım ki biləm sənli sözüm gəldi sənə
Bəlkə mənsizliyə bir azca dözüm gəldi sənə

Sənə baxdım o qədər ki məni gözsüz buraxıb
Gizlənib qəmli baxışlarda gözüm gəldi sənə

Mən alışdım bu soyuqda isidim azca səni
Yüyürüncə alovum söndü, közüm gəldi sənə

Bədənim öylə zəif ki ayağımdan yapışıb
Düşmədi bir daha torpağa, izim gəldi sənə

Sən ki məndən su umurdun bir ovuc, əfv eylə
Yox bu səhradə su, ovcumda üzüm gəldi sənə

O qədər ki sənin ardınca süründü Fəhmi
Parçalanmış ayağım, qanlı dizim gəldi sənə




Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:22
Baxış sayı: 117

Şərhlər(0)


  Yazılar cəmi: 27    Sonrakı səhifə »
Dəstək: AzeriBlog.com, Bütün hüquqlar qorunur, © 2007.