Reklam verin!

www.ilqarfehmi.azeriblog.com

Yazar İlqar Fəhminin web səhifəsi


İlqar Fəhmi

ilqarfehmi
İlqar Fəhmi (İlqar Əli-Abbas oğlu Paşayev) - yazar, şair, publisist, tərcüməçi və ssenarist.
1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir. 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil alıb.
1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən?!”, “Aktrisa” və "Bakı tarixindən kollaj" kitabları çap edilib. 2002-ci ildə “Axırıncı Qatar” (İtlər) pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. Dünya ədəbiyyatından tərcümələr edib.
2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb.
Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib.
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.

Əlaqə

  • E-poçt: fahmi75@rambler.ru

Bölmələr

Axtar

Sayğac

  • İndi saytda 33 nəfər var
  • Bugün saytda 37 nəfər olub
  • Dünən saytda 19 nəfər olub
  • Keçən ay saytda 953 nəfər olub
  • Ümumi saytda 9711 nəfər olub

Müxtəlif

Geydirmədir (Müxəmməs)

Gəzmə saflıq, bu cahan içrə, cahan geydirmədir,
Ay, günəş əldə qayırma, asiman geydirmədir
Aləmə hakim yalan, dövri-zaman geydirmədir
Laməkandan başqa hər yerdə qalan geydirmədir
Büsbütün geydirmədir, vallah, yaman geydirmədir

Mən yağış umdum buluddan, yağmadı heç bir kərə
Sədd qurdumsa dumandan, çatladı birdən-birə
Dağa söykəndim, ovuldu, zərb ilə dəydim yerə
Anladım ki dağ düzəltmə, həm duman geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir

Çox dolandım, batini saf görmədim mən heç nəyi
boz bataqlıq gizlədir, gülzarın əlvan örpəyi
Güllərin ətri riya, rəngi küdurət mənbəyi
Bülbülün həm etdiyi ahu fəğan geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir

Mülki-dünyayə gəlib, ey dil, gətirdin həm məni
Böylə zülmət xanəni etdinsə ruhun məskəni
Sanma hifz eylər bu ev leysan yağışlardan səni
Dər divar möhkəmsə də, heyfa, tavan geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir

Hər ədalətdən deyən-batində mənfur, qaniçən
Hər səxavət əhli –gizlində fəqir malın yeyən
Ey “Ədalət həm səxavət var cahanda”söyləyən
Varsa bir kəsdə bulardan bir nişan, geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir

Sübh açıldıqda ibadətçün oyansın birtəhər
Gəzmə bihudə yerə, yoxdur müəzzindən əsər
Boş minarə səsləyir xəlqi namaza hər səhər
Ağla ey mömin ki, məsciddə azan geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir

Qalmayıbdır çünki heç bir köhnə aşiqdan nişan
İndi Fəhmi oldu eşqin karvanında sarivan
Daima yol getsə də dəştü-bəlada durmadan
Bir yerə çıxmaz bir karvan, sarivan geydirmədir
Büsbütün geydirmədir vallah, yaman geydirmədir


Nəzm
ilqarfehmi
Oktyabr 8, 2007 21:13
Baxış sayı: 84
geydirmədir 
Şərhlər(0)


  Yazılar cəmi:   
Dəstək: AzeriBlog.com, Bütün hüquqlar qorunur, © 2007.