İmiş
Əzəldən ruhumuz dərdi-bəlaya aşina imiş,
Səni sevməkdə də məqsəd ona dərdi-bəla imiş.
Qələm bildi bu eşqin sirrini, bildirməyəydim kaş,
Yazıb faş etdi sirrim aləmə, qəlbi qara imiş.
Qəfildən ətrini duydum, elə bildim ki, sən gəldin,
Çönüb gördüm ki, sən yoxsan, gələn badi-səba imiş.
Mənə ol rəhmsiz dilbər ki, rast gəlmiş, bu yə’qin ki,
Mənümçün Allahın göndərdiyi müdhiş cəza imiş.
Öpən hər gün üzündən, saçlarından mən deyildim heyf,
Günəşdən ayrılıb düşmüş həyasız bir şüa imiş.
Damadəm göy guruldarsa elə zənn etmə şimşəkdi,
Mənim fəryadıma göydən gələn əksi-səda imiş.
Bütün ömrüm boyu, Fəhmi, mən eşqin yolların gəzdim,
Və yalnız indi dərk etdim ki, eşq sirri-xuda imiş.
Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 15:27
Baxış sayı: 115
Şərhlər(0)
