Dustaq
Sinəm dar bir qəfəsdir, orda sevdalı ürək dustaq
Qalıb biçarə bu zülmətdə müddətdir ki tək dustaq
Gözüm yaşın töküb ah eylərəm hicran otağında
Nədir bu? Dörd divar içrə yağış məhbus, külək dustaq
İlahi, hər duanın dövrəsin min-min günah tutmuş
Ya qanundur tikan içrə ola hər bir çiçək dustaq
Dayanma cismdə, sındır, dağıt bu məhbəsi, könlüm
Azad olmaq ümidin gəsməsin heç vaxt gərək dustaq
Mən iblisin əcəl zindanıyam ki tanrıdan gizlin
İçimdə ahü-fəryad içrə minlərlə mələk dustaq
Fələk zülmü kəsilməzsə bezib ruhlar qiyam eylər
Bu aciz ruhlara bir gün olar çərxi-fələk dustaq
Göyə baş vurmaq istərsən, buna Fəhmi, gücün çatmaz
Yerin tərkində əvvəl olmasan fəvvarə tək dustaq
Nəzm
ilqarfehmi
Sentyabr 16, 2007 14:43
Baxış sayı: 132
Şərhlər(0)
