Reklam verin!

www.ilqarfehmi.azeriblog.com

Yazar İlqar Fəhminin web səhifəsi


İlqar Fəhmi

ilqarfehmi
İlqar Fəhmi (İlqar Əli-Abbas oğlu Paşayev) - yazar, şair, publisist, tərcüməçi və ssenarist.
1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir. 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil alıb.
1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən?!”, “Aktrisa” və "Bakı tarixindən kollaj" kitabları çap edilib. 2002-ci ildə “Axırıncı Qatar” (İtlər) pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. Dünya ədəbiyyatından tərcümələr edib.
2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb.
Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib.
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.

Əlaqə

  • E-poçt: fahmi75@rambler.ru

Bölmələr

Axtar

Sayğac

  • İndi saytda 2 nəfər var
  • Bugün saytda 4 nəfər olub
  • Dünən saytda 19 nəfər olub
  • Keçən ay saytda 953 nəfər olub
  • Ümumi saytda 9678 nəfər olub

Müxtəlif

Qurbağa

-Qurbağa istəyirəm.
Qız onun sözünü yaxşı başa düşmədi.
-Deməli, qara kostyum istəmirsən?
-Yox, qara kostyum da istəyirəm, amma indi qurbağa istəyirəm.
Qız deyəsən qurbağa sözünü eşitdi.
-Nə istəyirsən?
Qurbağa.
Qız əvvəl çaşdı, sonra birdən nəsə anlamış kimi sözünü davam elədi.

-Hə, onda gedib şənbə günü sənə kostyum alarıq. Həm də yadıma sal, divan üçün örtük də alaq, evdəkilər almayıb.
-Görəsən evdə qurbağa saxlamaq olar? Yəqin ki, onun da düşər-düşməzi var.
-Qulaq as da. Bir aya gör nə qədər iş görməliyik. Gecə-gündüz fikirləşirəm. Görəsən brilyant komplekt alsanız yaxşı olar, yoxsa sirkon? Amma brilyant olmasa bizim evdəkilər o qədər ağız büzəcək ki… Ən çox da böyük xalam deyinəcək. «Axtardın, axtardın, adam tapdın da, bir brilyant da ala bilmir. İşi gücü elə pianino dınqıldatmaqdı.»
-Maraqlıdır, görəsən qurbağa özünü balıq hesab edir, yoxsa sürünən? Yəqin ki, yazıq özü də bilmir kimdir.
-Hə, sənin kimi. Qulaq as. Deyirəm bəlkə bir az borc tapıb brilyant komplekt alasan. Evdəkilərin ağzı yumulsun. Toydan pul yığıb borcu qaytararıq. Hə? Nə fikirləşirən? Borc tapa bilərsən?
-Yadındadı, o gün zoomaqazinə girmişdik? Fikir vermədin, orda qurbağa satırdılar, ya yox?!
-Heç zarafat vaxtıdı? Mən nə hayda, sən nə hayda. Mənə bax, gör ağlıma nə gəlib. Bəlkə gəlinlik paltarını almayasınız, kirayə götürəsiniz. Onda bir az pul qalar. Bir az da üstünü düzəltsəniz, brilyant almağa çatar. Sonra bir də nəsə deyəcəkdim. Hə, yadıma düşdü. Xonçalara qoymaq üçün konfet alanda fikir ver ki yaxşı konfet olsun, çoxunu da şokolad elə.
-Fikir vermisən, bütün heyvanlar dünyaya gələndə valideynlərinə oxşayırlar, cəmi iki heyvan var ki doğulur, xeyli yaşayır, yalnız sonra öz son görkəmini tapır. Bu iki heyvan qurbğayla kəpənəkdi. Sən bir ziddiyyətə bax.
-Əşi, nə yapışmısan bu qurbağanın yaxasından, bircə o qalmışdı ki, pianinonun üstünə də qurbağa qoyasan. Hə, pianino dedim yadıma bir şey düşdü. Dünən axşam fikirləşdim ki, bəlkə toyda özün də bir iki mahnı çalasan, maraqlı olar.
-Təsəvvür elə dünyaya gəlirsən, balaca balıqsan, ləzzətlə üzürsən özünçün suda, bir də xəbər tutursan ki yavaş-yavaş qurbağa olursan. Dəhşət.
-Sənin başına hava gəlib deyəsən. Mən gecə-gündüz fikir çəkirəm ki, görəsən toyu necə yola verəcəyik, sən də başlamısan ki, qurbağa belə, balıq belə.
Qız stəkanı götürüb başını yelləyə-yelləyə ayağa qalxdı, oğlandan soruşdu.
-Çay istəyirsən?
-Yox, qurbağa istəyirəm.




Nəsr
ilqarfehmi
Sentyabr 14, 2007 15:24
Baxış sayı: 119

Şərhlər(0)


  Yazılar cəmi:   
Dəstək: AzeriBlog.com, Bütün hüquqlar qorunur, © 2007.